
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində mühüm məqamlara toxunub, vacib məsələlərdən bəhs edib. Sözsüz ki, ölkə başçısının müsahibəsi qarşıda duran vəzifələrin icrası baxımından mühüm yol xəritəsi hesab edilir. Azərbaycanın ümumi inkişaf dinamikasına uyğun olaraq ötən il əldə edilən müsbət göstəricilərdən qarşıya qoyulan bütün vəzifələrdən bəhs edən dövlətimizin başçısı strateji hədəflərin olduğunu söyləyib. Ötən ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu, dünyada baş verən qlobal proseslər fonunda müsbət dinamikanın əldə edildi vurğulanıb.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, ölkəmizin iqtisadi göstəricilərində qeyri-neft və sənaye sektorunda artımların olduğu bəyan edilib: “Prezident müsahibəsində bildirdiyi kimi Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi müdafiə və təhlükəsizliklə bağlı xərclərə yönəlib. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq prosesləri də dövlətimiz üçün prioritet olan məsələlər sırasındadır. Eyni zamanda ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq qarşıya qoyulan bütün proqramlar uğurla icra edilir. Bütün bunlar dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzüllə müqayisədə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir. Sözsüz ki, bunun təməlində həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və düşünülmüş strategiya dayanır. Ölkəmizdə sosial sahə də hər zaman prioritet istiqamətlərdən olub. Ölkə başçısının da bəyan etdiyi kimi bu ilin yanvarından minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatıb. Eyni zamanda minimum pensiya 40 manat artıb və 320 manat olub. Orta hesabla bu artım 14-15 faiz təşkil edir. Bütün bu amillər Azərbaycanın social dövlət strategiyasının tərkib hissəsidir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır”.

Millət vəkili bildirib ki, qarşıya qoyulan əsas vəzifələrdən biri də məhz ölkə vətəndaşlarının daha yaxşı yaşayışına və onların sosial qayğılarının təminatına yönəlib: “Müasir Azərbaycan tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə keçirilməsinin əhəmiyəti dövlətimizin başçısı tərəfindən vurğulandı. COP29 dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri kimi tarixə düşdü. Tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevə və dövlətimizə olan inam və etimadın bariz nümunəsi idi. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbirlərdən biri oldu. 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçdiyi COP29 Azərbaycanın həyatında mühüm bir mərhələdir. Ölkəmizin belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsinə qarşı çıxanlar da var idi. Həm tədbir öncəsi və ondan sonrakı dövrdə Fransa başda olmaqla erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr COP29-un Azərbaycanda keçirilməsinə qarşı qarayaxma kampaniyası həyata keçirməyə çalışsalar da proses uğurlu nəticələrlə yekunlaşdı. Prezident İlham Əliyevin qətiyyəti sayəsində hər zaman olduğu kimi bu dəfə də ölkəmizə qarşı aparılan əsassız kampaniyalara layiqli cavab verildi. COP29-u kimi mötəbər bir tədbirə qarşı siyasi motivlər səbəbindən boykot çağırışı edənlərin planları puç oldu. COP tarixində bəlkə də Azərbaycan qədər tənqid və təzyiqlərə məruz qalan ölkə olmayıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan cəmi 11 aya COP29-un ən yüksək səviyyədə keçirilməsinə və təşkilinə nail olundu. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi növbəti tarixi uğur kimi cənab Prezident tərəfindən bir daha qeyd edildi”.
Deputat həmçinin Azərbaycanın sülh gündəliyindən də bəhs edib: “Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü və qalib Azərbaycandır. Dövlətimiz bu gün bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Məhz II Qarabağ müharibəsindən sonra da Ermənistana sülh təklifini edən Azərbaycan olub. Amma sülhlə bağlı ölkəmizin başlıca şərtləri təmin edilməlidir. İlk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar aradan qaldırılmalıdır. Eyni zamanda yarandığı gündən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bununla paralel olaraq Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə məhz Ermənistan tərəfindən yerləşdirilmiş “missiyası” bölgədən çıxarılmalıdır. Sözsüz ki, ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli irəliləyiş əldə olundu. Qazaxın rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş 4 kəndi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Eyni zamanda sərhəddin 12 km-lik hissəsində delimitasiya və demarkasiya prosesi həyata keçirildi. Sözsüz ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezident də müsahibəsində qeyd etdi ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”. Ölkə başçısının da vurğuladığı kimi bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Regional kommunikasiyalar açılmalı, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa əlaqələr yaradılmalıdır. Bununla da bölgədə yeni iqtisadi-siyasi canlanma yaranacaq. Regional kommunikasiya və qlobal məkana çıxış imkanları genişlənəcək. Bu da sözsüz ki, bölgə dövlətlərinin daha geniş imkanlar əldə etməsinə səbəb olacaq”.
Eldar Quliyev Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı riyakar mövqeyinə və bölgədə yenidən gərginlik yaratmaq niyyətində də münasibət bildirib: “Fransa tərəfindən erməni lobbisinin diktəsi ilə Azərbaycana qarşı əsassız iddiaların səsləndirilməsi məntiqdən və reallıqdan tamamilə uzaqdır. Rəsmi Paris tarixən indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş Azərbaycanlıların məsələsi haqqında bir dəfə də olsun bəyanat səsləndirə biləydi. Çünki etnik təmizləməyə və diskriminasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların öz ata-baba ocaqlarına qayıtmaq haqqı var. Ermənistan hakimiyyəti də Qərbi Azərbaycanlıların sülh və təhlükəsiz şəkildə geri dönüşünü təmin etməlidir. Rəsmi İrəvan bununla bağlı qısa zamanda Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmalıdır. Çünki Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir. Bəzqi qərb təşkilatları və Fransa kimi ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından narahat olmaq əvəzinə Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına diqqət ayırmalıdır. Eyni zamanda ölkə daxilində də Qərbi Azərbaycan İcması ilə kommunikasiyalar daha da güclənməlidir. İctimai-siyasi təşkilatlar, ayrı-ayrı qurumlarla yanaşı, qeyri-hökumət təşkilatları da bu işdə fəallıq göstərməlidir. Məhz Ağsaqqallar Şurası da bu məqsədlə Qərbi Azərbaycan İcması ilə sıx təmasdadır. Bu yaxınlarda Şura ilə İcma arasında növbəti görüş keçiriləcək. Məqsəd Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində bütün imkanları səfərbər etməkdən ibarətdir”.