“Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayılması olduqca vacib əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, sözsüz ki, Qərbi Azərbaycan mövzusunun beynəlxalq müstəvidə daha effektiv şəkildə təbliğinə hesablanıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə tarixi ərazilərə qayıdış məsələsini beynəlxalq müstəvidə davamlı olaraq qaldırmaqda davam edir: “Bu mənada Qərbi Azərbaycan İcması hazırkı Ermənistan hakimiyyətindən öz sələflərinin başlatmış olduğu irqi ayrı-seçkilik siyasətindən əl çəkməsini və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir. Həmçinin Qərbi Azərbaycanlıların qayıdışına şərait yaratmaq üçün Ermənistan hakimiyyəti real addımlar atmalıdır. Vaxt itirmədən Ermənistan tərəfi Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. Sözsüz ki, Qərbi Azərbaycan ərazi deyil, insan hüquqları məsələsidir. Çünki Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Azərbaycanla ikitərəfli münasibətlərdən asılı olmayaraq Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışına şərait yaratmalıdır”.
Millət vəkili hesab edir ki, Ermənistanın Qərbi Azərbaycanlıların qayıdışa dair dialoqu süni şəkildə sülhdən sonraya saxlanması ilə bağlı yanaşmaları kökündən yanlışdır: “Çünki qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir. Bu eyni zamanda sülhün əldə edilməsinə də xidmət etmir. Bu məsələ ilə bağlı müzakirələr Ermənistan hökuməti ilə Qərbi Azərbaycan İcması arasında aparılmalıdır. Ermənistan hakimiyyətinin bəzi təmsilçilərinin Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması da absurd iddialardır. Hətta bir çoxları erməni cəmiyyətində Qərbi Azərbaycan ifadəsinin işlədilməsindən belə narahat olursa bu onların problemidir. Tarix və reallıq odur ki, Qərbi Azərbaycan ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünütanıtma hüququ çərçivəsində istifadə edilir. Qərbi Azərbaycanlılar da məhz öz tarixi torpaqlarına sülh yolu ilə qayıtmaq niyyətindədir”.