Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər, qarşıda duran əsas vəzifələr, regional və qlobal miqyasda baş verən proseslərlə bağlı vacib məqamlara toxundu. Ölkəmizin başçısı Azərbaycanın ümumi inkişaf dinamikasına uyğun olaraq ötən il əldə edilən müsbət göstəricilərdən bəhs etdi. Keçən ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu, dünyada baş verən qlobal proseslər fonunda müsbət dinamikanın əldə edildiyini bildirildi. Azərbaycanda ümumi iqtisadi göstəricilərə nəzər saldıqda qeyri-neft və sənaye sektorunda artımların olduğu diqqətə çatdırıldı.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident müsahibəsində Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsinin müdafiə və təhlükəsizliklə bağlı xərclərə yönəldiyini bəyan edib: “Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq prosesləri də dövlətimiz üçün prioritet olan məsələlər sırasındadır. Eyni zamanda ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq qarşıya qoyulan bütün proqramlar uğurla icra edilir. Bütün bunlar dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzüllə müqayisədə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir. Sözsüz ki, bunun təməlində həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və düşünülmüş strategiya dayanır. Ölkəmizdə sosial sahə də hər zaman prioritet istiqamətlərdən olub. Ölkə başçısının da bəyan etdiyi kimi bu ilin yanvarından minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatıb. Eyni zamanda minimum pensiya 40 manat artıb və 320 manat olub. Orta hesabla bu artım 14-15 faiz təşkil edir. Sözsüz ki, dövlətimizin ən vəzifəsi ölkə vətəndaşlarının daha yaxşı yaşayışına və onların sosial qayğılarının tam təminatına hesablanıb”.
Millət vəkili ötən il ölkəmizdə keçirilmiş COP29 kimi mötəbər tədbirin mahiyyətinə diqqətə çəkən dövlətimizin başçısının bu qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edib: “197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçdiyi COP29 Azərbaycanın həyatında mühüm bir mərhələ idi. Sözsüz ki, ölkəmizin belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsinə qarşı çıxanlar da var idi. Həm tədbir öncəsi və ondan sonrakı dövrdə Fransa başda olmaqla erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr COP29-un Azərbaycanda keçirilməsinə qarşı qarayaxma kampaniyası həyata keçirməyə çalışsalar da niyyətləri puç oldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində hər zaman olduğu kimi bu dəfə də ölkəmizə qarşı aparılan əsassız kampaniyalara layiqli cavab verildi. Çünki onların məqsədi COP29-u siyasi motivlər səbəbindən boykot etmək idi. COP tarixində bəlkə də Azərbaycan qədər tənqid və təzyiqlərə məruz qalan ölkə olmayıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan cəmi 11 aya COP29-un ən yüksək səviyyədə keçirilməsinə və təşkilinə nail olmaqla uğurlu nəticələrin əldə olunması ilə bağlı da tarixi uğurların imza atıldığı məkan oldu”.
Millət vəkili cənab Prezidentin müsahibəsində Azərbaycanın sülh gündəliyinə də toxunduğunu söyləyib: “Ölkəmizin başçısı bir daha Cənubi Qafqazda yeni bir reallığın yarandığını, bu reallığın güclü və qalib Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Dövlətimiz bu gün bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Məhz II Qarabağ müharibəsindən sonra da Ermənistana sülh təklifini edən Azərbaycan olub. Amma sülhlə bağlı ölkəmizin başlıca şərtləri təmin edilməlidir. İlk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar aradan qaldırılmalıdır. Eyni zamanda yarandığı gündən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bununla paralel olaraq Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə məhz Ermənistan tərəfindən yerləşdirilmiş “missiyası” bölgədən çıxarılmalıdır. Sözsüz ki, ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli irəliləyiş əldə olundu. Qazaxın rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş 4 kəndi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Eyni zamanda sərhəddin 12 km-lik hissəsində delimitasiya və demarkasiya prosesi həyata keçirildi. Amma hələ də yekun sülh sazişini imzalamaq mümkün olmayıb. Çünki Ermənistan və onun Fransa kimi havadarları bölgədə yenidən gərginliyin yaranmasında maraqlıdır”.
Məlahət İbrahimqızı cənab Prezident İlham Əliyevin də müsahibəsində vurğuladığı kimi bu gün özünün bütün problemlərini bir kənara qoyub ancaq Azərbaycana fokuslanan Emmanuel Makron Fransası növbəti dəfə riyakarlıqla məşğul olduğunu bildirib: “Fransa az qala hər addımda məhz erməni lobbisinin maraqlarına uyğun olaraq Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi məntiqdən və reallıqdan uzaqdır. Yaxşı olardı ki, Fransa tarixən indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş Azərbaycanlıların məsələsi haqqında bir dəfə də olsun bəyanat səsləndirə biləydi. Çünki etnik təmizləməyə və diskriminasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların öz ata-baba ocaqlarına qayıtmaq haqqı var. Ermənistan hakimiyyəti də Qərbi Azərbaycanlıların sülh və təhlükəsiz şəkildə geri dönüşünü təmin etməlidir. Rəsmi İrəvan bununla bağlı qısa zamanda Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmalıdır. Çünki Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir. Fransa kimi ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından narahat olmaq əvəzinə Qərbi Azərbaycanlıların layiqli şəkildə geri dönüşünə şərait yaratmalıdır”.