Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddialar tamamilə cəfəngiyyatdır. Onun real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir. Özünü ermənilərdən artıq erməni hesab edən Makron uğursuzluğunu ölkəmizə qarşı qarayaxma kampaniyası ilə ört-basdır etməyə çalışır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozur: “Fakt odur ki, bir dəfə də olsun Makron tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini pisləyən açıqlama verilməyib. Fransa prezidenti Ermənistanın Azərbaycanlıların yaşadıqları tarixi torpaqlardan, eyni zamanda Qarabağdan zorla, silah gücünə deportasiyası ilə bağlı bir dəfə də olsun bəyanatı eşidilməyib.”.
Millət vəkili bildirib ki, II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini təmin edib: “Sadəcə olaraq erməni separatizminə hər zaman açıq dəstək vermis Makronun bütün öhdəlikləri və planları suya düşüb. Çünki o Fransada mövcud olan erməni lobbisinin yedəyində hakimiyyətə gəlib və onların qarşısında bir sıra vacib öhdəliklər götürüb. Bu baxımdan da Makron üçün fransızların taleyi deyil, öhdəlik götürdüyü ermənilərin məsələsi daha çox maraqlıdır. Ona görə də, gecə-gündüz Fransa hakimiyyəti və Makron başda olmaqla onun komandası ermənilərin maraqlarının müdafiəsi üçün əldən-ayaqdan gedir”.
Deputat vurğulayıb ki, bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Ermənistanı revanşizmə hazırlayan, onu geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın təhrikçi açıqlamaları reallıqdan uzaqdır: “Yaxşı olardı ki, Fransa özünün məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərini analiz edib vacib nəticələr çıxartsın. Bu məsələdə rəsmi Parisin Azərbaycanı qarşı səsləndirdiyi ifadələr isə məntiqdən uzaqdır”.