Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən ilin uğurları ilə yanaşı, əldə edilən nəticələr və qarşıda duran vəzifələrdən bəhs etdi. Dövlətimizin başçısı qeyd etdi ki, 2024-cü ilin əvvəlindən qarşıya qoyulan bütün məsələlər həllini tapıb. Ölkəmiz inamla inkişaf edib, beynəlxalq arenada nüfuzu böyük dərəcədə artıb. İqtisadiyyatda müsbət dinamika qeydə alınıb. Bütün bunlar isə ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizliklə bağlıdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dünyada baş verən qlobal hadisələrə baxmayaraq Azərbaycan bu gün sülh və sabitlik, təhlükəsizlik adasıdır: “Sözsüz ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasət ölkəmizi mümkün kənar təsirlərdən qorumaqla yanaşı onun qlobal aktor kimi də mövqelərinin güclənməsi ilə xarakterizə olunur. Bu baxımdan 2024-cü il ölkəmiz üçün uğurlu bir təqvim kimi tarixə düşdü. II Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi siyasi müstəvidə qələbələri digər platformalarda da mövqelərinin güclənməsini təmin edib. Məhz ötən il 1990-cı illərin əvvəllərində işğal edilmiş Qazax rayonunun 4 kəndi Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi bu uğurların bariz nümunəsi idi. Bir güllə atmadan, itgi vermədən Azərbaycanın 4 kəndinin geri qaytarılması əlamətdar hadisədir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi ilə başa çatsa da digər məsələlər heç də yaddan çıxmamışdı. Bu mənada Qazaxın Ermənistanın işğalı altında olan 7 kəndindən 4-nün azad edilməsi növbəti siyasi-diplomatik qələbə kimi tariximizə düşmüş oldu”.
Millət vəkili bildirib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaradıb: “Bu reallıq sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edir. Amma buna baxmayaraq Azərbaycan bütün mümkün təhdidlərə qarşı da özünün qabaqlayıcı tədbirlərini görür. Faktiki olaraq II Qarabağ müharibəsindən sonra Ermənistan Fransa, Hindistan və Yunanıstan kimi ölkələr, Avropa İttifaqı tərəfindən silahlandırılır. Məqsəd yeni yaranmış reallığı dəyişdirmək bölgədə yenidən münaqişə ocağı yaratmaqdır. Amma Ermənistan və onun havadarları unutmamalıdır ki, Azərbaycan bölgədə baş verən bütün prosesləri diqqətlə izləyir və özünün addımlarını da buna uyğunlaşdırır. Sözsüz ki, Ermənistanın silahlanması region üçün açıq təhdid olsa da bunun reallığı dəyişəçək imkanları yoxdur. Azərbaycan dövləti və xalqı 90-cı illərin əvvəllərindən Ermənistan tərəfindən həyata keçirilimiş işğalçılıq, etnik təmizləmə, Xocalı soyqırımı, 1 milyon soydaşımızın öz yurdundan zorla, silah gücünə didərgin salınması kimi ağrılı hadisələri yaddan çıxartmayıb. Ona görə də, Qarabağı Şərqi Zəngəzuru 30 illik işğal dövründə viran qoyan Ermənistanın bundan sonrakı davranışları ancaq onun üçün ziyanlı ola bilər. Ölkəmizin başçısı da müraciətində bir da İrəvana xəbərdarlıq etdi”.
Deputat ölkə başçısının da vurğuladığı kimi bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa işlərinin icra edildiyini, artıq bölgədə məskunlaşmanın həyata keçirildiyini bildirdi: “Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb. Dövlətimiz tərəfindən onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. Sözsüz ki, növbəti mərhələdə daha çox sakin öz yurd-yuvasına qayıda biləcək. 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Bundan sonra da dövlətimiz üçün Böyük Qayıdış proqramının icra edilməsi prioritet məsələ olacaq. Bütün bunlarla yanaşı ölkəmizin iqtisadiyyatı inkişaf edir. 2024-cü il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə bu artım 7 faizdən artıq olub. Eyni zamanda sosial sahədə mühüm uğurlar mövcuddur. Ölkə başçısının da vurğuladığı kimi 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Həmçinin digər zəruri sosial layihələrin də icrası uğurla davam edəcək”.
Məlahət İbrahimqızı 2024-cü ilin fevralın 7-də keçirilmiş prezident seçkilərinin müasir Azərbaycan tarixinə mühüm hadisə kimi daxil olduğunu söyləyib: “İlk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi və cənab Prezident İlham Əliyev növbəti dəfə xalqımızın sonsuz sevgisi ilə əhatə olundu. Seçkilərdə yüksək seçici fəallığı ilə yanaşı xalqımızın yeganə seçimi məhz ulu öndər Heydər Əliyev strategiyasının davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev oldu. 2024-cü ilin sentyabrın 1-də keçirilmiş parlament seçkiləri də tariximizin növbəti parlaq hissəsinə çevrildi. İlk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimiz fonunda bütün ölkə ərazisində parlament seçkiləri keçirildi.
Sözsüz ki, ötən il Azərbaycanın həyatanda ən mühüm hadisə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsi idi. Bu dünya tarixinə 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri kimi düşdü. Tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevə və dövlətimizə olan inam və etimadın bariz nümunəsi idi. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Ölkəmizin başçısının da qeyd etdiyi kimi cəmi on bir ay ərzində Azərbaycan bu böyük tədbiri uğurla keçirdi. Qeydiyyatdan keçmiş 76 min iştirakçı Azərbaycanın potensialını gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezidentin iştirak etdiyi COP29 Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının – bütün səylərinə baxmayaraq ən yüksək səviyyədə keçirildi və uğurlu nəticələr əldə olundu. Hətta, COP29-dan sonra da öz daxili ziddiyyətlərinə və erməni lobbisinin maraqlarına uyğun olaraq bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmək istəmir və əsl mahiyyətlərini ortaya qoyurlar. Amma bütün bunlar əbəsdir. Azərbaycan 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi Tarixi Zəfər və uğurlar fonunda bundan sonra özünün bütün məqsədlərinə çatacaq”.