Xalqımızın birliyi, həmrəyliyi hər zaman dünyaya örnək olub. Ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq məsələsində bir yumruq ətrafında birləşməyi bacarıb. Ötən əsrin 80-ci illərindən başladılan milli-azadlıq hərəkatı Azərbaycan xalqının əzminin göstəricisi idi. Xalqımız II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib tarix yazdı.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdi: “Ulu Öndər Heydər Əliyev 20 yanvar hadisələrinin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirib. Məhz ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərdi. Bütün çətinliklərə və təhlükələrə rəğmən Ulu Öndər Heydər Əliyevin o dövr cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırması, günahkarların cəzalanmasını tələb etməsi olduqca önəmli idi. Bu həmçinin bu böyük cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin o vaxt verdiyi bəyanatlar xalqımıza böyük ümidlər yaratmışdı. Bu dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.
Deputat bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, birlik və həmrəylik yaratmaq üçün mühüm önəm kəsb edir: “Sözsüz ki, dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən zərurətə, mənəvi ehtiyaca çevrilib. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birliyinə nail oldu. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına bu amil müsbət təsir göstərdi. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Daha sonra isə həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olundu. Atılan bu addımlar dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinə müsbət təsir göstərdi”.
Millət vəkili ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamlarının hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildiyini söyləyib: “Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamı və həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində bu amil əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə hesablanıb. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” deyimi milli həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət edib”.
Məlahət İbrahimqızı 2022-ci ildə Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının xalqımızın tarixində mühüm hadisə olduğunu deyib: “Çünki tarixi Qələbədən sonra Azərbaycana, dövlətimizə, xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da güclənməlidir. Bu bir reallıqdır ki, bu gün 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindəın 30 illik işğalına son qoyuldu. Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edildi. Bütün bunlar tariximizin ən parlaq səhifələri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Sözsüz ki, 2024-cü il Azərbaycan tarixində olduqca vacib, əlamətdar hadisələrlə zəngin oldu. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri kimi tarixə düşdü. Bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevə və dövlətimizə olan inam və etimadın bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir idi. Sözsüz ki, 2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirdi. Bu xüsusda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi növbəti tarixi uğur hesab olunur. Məhz 19 dekabr 2024-cü il tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə göstərilən dəstək səmimi dostluğun və əməkdaşlığın bariz nümunəsidir. Cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident və parlament seçkiləri mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması fonunda baş tutan Zəfər seçkisi yaddaşlara əbədi həkk olundu. 2024-cü ilin fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi xalqımızın öz Liderinə etimadının, sevgi və məhəbbətinin növbəti təzahürü oldu. 2024-cü ilin sentyabrın 1-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi də mühüm tarixi hadisədir. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri kimi şanlı tariximizdə öz yerini tutdu”.