Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurlarından bəhs olundu. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib. Məhz ölkə idmançılarının uğurlu çıxışları nəticəsndə 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, ölkəmizdə idman inkişaf edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu gün yeni nəsil idmançılar yetişir: “Bütün bu amillər isə Azərbaycanın idman dövləti kimi öz gücünün müxtəlif beynəlxalq yarışlarda təsdiqidır. Ölkəmizin başçısının da vurğuladığı kimi ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi. Azərbaycanı təmsil edən idmançılar Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib. 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edən ölkəmiz bu dəfə ən yüksək yerə layiq görülüb. Ümumi komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşıb. Sözsüz ki, bu ən yüksək nəticə hesab edilir. Çünki bütövlükdə iki yüzdən çox milli komanda arasında Olimpiya Oyunlarında 30-cu yerdə qərarlaşmaq mühüm nailiyyətdir. Azərbaycan 60-a yaxın müsəlman ölkəsi arasında Olimpiya Oyunlarında üçüncü yerdə dayanıb. Ümumilikdə idmançılar ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırıblar.
Ölkəmizdə idmana və idmançılara hər zaman dövlət qayğısı olub. Dövlətin idman siyasəti gənc nəslin, sağlam, mənəvi tərbiyəsinə, vətənpərvər gənc nəslin formalaşmasına hesablanıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanın idman ölkəsi kimi dünyada layiqli yer qazanmasına imkan yaradıb. Gənclərin idmanla məşğul olması, onların asudə vaxtlarının səmərəli təşkili üçün ən zəruri addımlar atılıb. Dövlətimizin başçısı da çıxışında məhz bu məqamları önə çəkərək hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini və bu idman komplekslərinin bundan sonra da inşasının nəzərdə tutulduğunu vurğulayıb”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın hər yerində olduğu kimi işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda da yeni idman olimpiya komplekslərinin yaradılır: “Hazırda o bölgədə həyata keçirilən bərpa quruculuq işləri insanların məşğulluğu və daimi məğuliyyəti ilə yanaşı gənclərin vaxtlarının səmərəli təşkili üçün də zəruri infrastruktur formalaşdırılır. Ağdam İmarət stadionunun inşa edilməsi, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışlarının keçirilməsi, həmçinin Şuşa şəhərində bir neçə idman yarışlarının təşkili, Xankəndi şəhərindəki stadionun təmir və bərpa olunması bu mənada mühüm önəm kəsb edir. 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Olimpiya Stadionu inşa edildi və bir çox beynəlxalq yarışlar bu məkanda keçirildi. Daha sonra isə burada İslam Həmrəylik Oyunları eyni zamanda ötən ay isə COP29 beynəlxalq iqlim konfransı baş tutdu. Sözsüz ki, gələn il Üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman şöhrətini və bu sahədə gördüyü işləri bir daha diqqət mərkəzinə gətirəcəkdir. Bu Azərbaycanın növbəti böyük idman yarışına ev sahibliyi deməkdir.
Azərbaycanda Olimpiya Hərəkatı məhz cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsindən sonra geniş vüsət alıb. Bundan sonra da Azərbaycanda idmançılar dövlət qayğısı ilə əhatə olunacaq. Şanlı zəfər bayrağımızı idmançılarımız beynəlxalq arenalarda qürurla, fəxarətlə dalğalandıracaq”.