Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dövlət başçısı kimi 21 illik fəaliyyətinə nəzər salarkən, ilk növbədə Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Xalqa müraciətini xatırlamaq lazım gəlir. Prezident seçkisi ərəfəsində ilk dəfə İlham Əliyevə səs verəcək Azərbaycan xalqına müraciət edən Heydər Əliyev öz çağırışında həm ümid, həm inam, həm əminlik ifadə edirdi.
Ümummilli liderin müraciətində deyilirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ötən 21 il həm Azərbaycan xalqına, həm də bütün dünyaya göstərdi ki, Heydər Əliyev seçimində, təklifində, tövsiyəsində tamamilə haqlı idi.
2003-cü ilin 15 oktyabrında Prezident seçilən İlham Əliyevin daxili və xarici siyasətinin, dövlət idarəetməsinin təməli Ulu Öndər Heydər Əliyev siyasəti olub. Çünki, bu siyasət Azərbaycanın bəlalardan qurtularaq inkişaf yoluna qədəm qoymasının, işğal olunmuş torpaqlarının azad edilməsinin alternativsiz modeli idi.
Eyni zamanda, sürətlə inkişaf edən dünyada novatorluq, təşəbbüskarlıq qabiliyyəti, Ulu Öndərin müraciətində qeyd edildiyi kimi İlham Əliyev şəxsiyyətinin əsas göstəricilərindən biridir. İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirməklə yanaşı, onu inkişaf etməkdə olan dünyanın tələblərinə uyğunlaşdıraraq həm dövlət idarəetməsində, həm də daxili və xarici siyasətdə, həyətanı bütün sahələrində yeniliklərə imza atdı.
Daxili siyasətdə, cəmiyyət içərisində, siyasi qüvvələr arasında sağlam münasibətlərin bərqərar olması, çoxpartiyalılığın təmin olunması, partiyaların qeydiyyat prosedurlarının asanlaşdırılması, qanunverici orqanda təmsilçilik kimi addımlar ölkənin ictimai-siyasi həyatına müsbət atmosfer gətirdi. Bu gün parlament rəhbərliyində belə müxalif partiya nümayəndələri təmsil olunur.
İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası siyasi partiyalar arasında sağlam münasibətlərin qurulmasında, ölkədə siyasi münasibətlərin sivil məcrada davam etməsində hər zaman təşəbbüskar rolda olub, əməli nümunələr göstərib.
Hər zaman olduğu kimi, siyasi palitranın müxtəlifliyi bəzi xarici dairələrin təsiri altında İlham Əliyev iqtidarına, Azərbaycan dövlətinə qarşı sistemli təxribatçı fəaliyyətlə məşğul olan “liderlər”in və ya “partiyaların” mövcudluğunu da istisna etməyib. Ancaq, bu destruktiv qüvvələrin fəaliyyəti heç zaman xalqdan dəstək almayıb. Bu gün də, Azərbaycan xalqı hər şeyi doğru-düzgün qiymətləndirərək 30 il əvvəl olduğu kimi Heydər Əliyev siyasətinə, bu siyasətin davamına dəstəyini verir. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə bu dəstək özünü yüksələn xətlə göstərib.
Prezident İlham Əliyevin davam etdirdiyi Heydər Əliyev siyasətinin daha bir istiqaməti qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin tarixin heç bir mərhələsində olmamış ən yüksək strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsidir. “Bir millət iki dövlət” şüarı əsasında qurulan yeni münasibətlər iki ölkə liderinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoöanın şəxsi dostluğu, qardaşlığı sayəsində daha gerçək məzmun almışdır. Bu münasibətlərin zirvəsi 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi oldu.
İki ölkə arasında münasibətlərin uğurlu inkişafı digər türk ölkələri ilə münasibətlərlərə də öz müsbət təsirini göstərdi. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini xarici siyasətdə prioritet səviyyəsinəd qaldıran Azərbaycan bu gün İlham Əliyevin liderliyi ilə Türk dünyasının aparıcı birləşdirici ölkəsi kimi çıxış edir.
İlham Əliyev siyasətinin zirvəsi sözsüz ki, 30 il müddətində Ermənistanını işğalı altında qalmış Azərbaycan torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam şəkildə təmin olunmasıdır. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan ərazisində separatizmin kökü tam kəsildi. Azərbaycan öz ərazisi üzərində konstitusiya quruluşunun bərpa edilməsinə nail oldu. Beləliklə Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı suverenliyi bərqərar edildi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyat qayıdır, şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Bölgədə aparılan infrastruktuq layihələri birbaşa ölkə Prezidentinin nəzarəti altındadır. İlham Əliyev çox sıx şəkildə səfər etdiyi azad edilmiş bölgələrə səfərlərində ümumi prosesi bütün detalları ilə öyrənir, tapşırıq və tövsiyələrini verir. Artıq, Böyük Qayıdışa start verilib, doğma yurd-yuvasında didərgin düşmüş həmvətənlərimiz tədricən öz yurdlarına dönürlər. Azərbaycan Prezidentinə, onun siyasətinə olan bu inam Böyük Qayıdışın bundan sonra da uğurla davam edəcəyini göstərməkdədir.
15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırılması isə müasir tariximizin növbəti təntənəsi idi. Bu həmin tarixdən 20 il öncə Prezident İlham Əliyevin Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq sözünün yerinə yetirilməsinin bariz nümunəsidir.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verib. Beləliklə cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü ilin sentyabrın 1-də keçirilmiş parlament seçkiləri isə ölkəmizin həyatında növbəti demokratik və şəffaf seçki kimi daxil oldu. Eyni zamanda 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Bütün bunlarla yanaşı Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılıb. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Bu günlərdə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi isə növbəti tarixi uğur hesab edilir. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.
Sözsüz ki, Azərbaycanın cənab Prezident İlham Əliyevin Liderliyi ilə qaşıda daha böyük hədəfləri aşacağına tam əminlik mövcuddur.
Aqil Məmmədov
Yeni Azərbaycan Partiyasının üzvü,
VI çağırış Milli Məclisin deputatı