Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclasında ölkəmizə qarşı qəbul edilən növbəti qərəzli qətnaməsi qətiyyətlə rədd edilir. Saxta məlumatlara və rəqəmlərə istinad edilərək hazırlanan və reallıqdan uzaq olan bu kimi qərəzli qərarlar kağız parçasından ibarətdir. Azərbaycan müstəqil və hüquqi dövlət kimi özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Məhz bu reallıq Avropa Parlamentində kök salmış erməni lobbisinin yuxusuna haram qatıb. Ona görə də, davamlı olaraq ölkəmizə qarşı hücum kampaniyası həyata keçirilir. Sözsüz ki, bu kimi cəhdlər hər zaman olduğu kimi uğursuzluğa düçar olacaqdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avropa Parlamentinin məlum qərəzli qətnaməsini şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycan Milli Məclisi də yaymış olduğu bəyanatda haqlı olaraq Avropa Parlamentinin növbəti riyakarlığına etiraz edib: “Reallıq odur ki, Azərbaycanda bütün əsas hüquq və azadlıqlar tam şəkildə təmin edilib. Ölkəmizdə qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu gerçəklik mövcuddur. Belə olan halda isə Avropa Parlamenti kimi erməniləşmiş təşkilatların ölkəmizin daxili işlərinə qiymət verməyə haqqı, hüququ çatmır”.
Millət vəkili hesab edir ki, AP-nin bu qərəzli qətnaməsi Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsidir: “Bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan Azərbaycanın əldə etdiyi uğurlar fonunda erməni lobbisindən asılı olan qüvvələrin üzə çıxacağına şübhə yox idi. Ona görə də, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti növbəti dəfə özünün mahiyyətini ortaya qoymuş oldu”.