Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində olduqca mühüm mesajlar verib. Ölkəmizin başçısı müsahibəsində Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətinə toxunub. Regionda və bütövlükdə dünyada dəyişən vəziyyətin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyi önə çəkilib. Eyni zamanda cənab Prezident Cənubi Qafqazda və qlobal miqyasda baş verən proseslərin xronologiyasına, kənar güclərin bölgəmizdə yenidən gərginlik, qarşıdurma yaratmaq cəhdlərinə Ermənistanın silahlandırılmasına, Fransa kimi pozucu dövlətlərin mahiyyətinə dair tutarlı arqumentlər səsləndirib.
Bu fikirləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin “Rossiya-1” Televiziyasına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti növbəti dəfə özünün dərin zəkası, diplomatik bacarığı ilə regionda və qlobal miqyasda baş verən proseslərin dərin qatlarında hansı hadisələrin cərəyan etməsinə diqqət çəkib: “Azərbaycanla Rusiya arasında olan dərin münasibətlərin xarakteri önə çəkilib. Sözsüz ki, iki ölkə arasında imzalanan Bəyannamənin 30 ildən artıq bir müddətdə birlikdə keçilən yola verilən ən yüksək qiymət kimi dəyərləndirilib. Ölkəmizin başçısı da hesab edir ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. “Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisə”, – olduğunu vurğulayan cənab Prezident ikitərəfli formatın digər sahələrdə də əməkdaşlığa təkan verdiyini bildirib. Həmçinin Rusiya ətrafında baş verən proseslər də dövlətimizin başçısının müsahibəsində geniş yer verilən məsələlərdən olub”.
Deputat hesab edir ki, Azərbaycan Prezidenti müsahibəsində bir daha regionda və qlobal miqyasda sülhə, sabitliyə ehtiyacın olması mesajını çatdırıb: “Bu gün bəzi qərb dövlətlərinin və ABŞ-ın hazırkı administrasiyasının prosesləri doğru-düzgün analiz etmək qabiliyyətlərinin yetərsizliyi ucbatından qlobal miqyasda gərgliklərin artması müşahidə edilir. Sözsüz ki, dünya birliyinin ən fəal üzvü olan Azərbaycan da qlobal miqyasda gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Çünki bu gün xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Reallıq odur ki, ölkə başçısının da qeyd etdiyi kimi eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə məhz Azərbaycandır. Ölkəmizin qardaş Türkiyə ilə tarixi sarsılmaz bağlarına diqqət çəkilib. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. “Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir”, – deyə cənab Prezident əlavə edib. Azərbaycanın sülh tərəfdarı olduğu II Qarabağ müharibəsindən sonra bölgədə sabitliyə ehtiyacın yarandığı bildirilib. Amma buna baxmayaraq Ermənistan sülh prosesində konstruktiv addım atmaqda çətinlik çəkir. Çünki Fransa kimi ölkələr bölgədə sülhün pozulmasına xidmət edən addımlar atmağı təşviq etməklə İrəvanı təxribata yönəldir. Fakt odur ki, bu gün Ermənistan Fransa, Yunanıstan, Hindistan və digər ölkələr tərəfindən silahlandırılır ki, bu da bölgə üçün yeni risklər yaradır. Azərbaycan Prezidenti də məhz müsahibəsində Ermənistanın bu gün daha çox silahlanmasına diqqət çəkərək buna adekvat olaraq Azərbaycanın da özünün hərbi gücünü daha artırdığı vurğulanıb”.
Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud olduğu bütün regionlarda siyasəti iflasa uğrayan Emmanuel Makron Fransasının Cənubi Qafqazda Ermənistan vasitəsi ilə gərginliyə yol açan məkirli planları da Azərbaycan Prezidenti tərəfindən qeyd edildi: “Azərbaycan sülhlə bağlı Ermənistanla bir çox məsələlərdə irəliləyiş əldə edib. Ölkə başçısının da vurğuladığı kimi sülh sazişi sənədinin 17 maddəsindənm 15-i razılaşdırılıb. Ermənistanın işğal dövründə Azərbaycana vurmuş olduğu ziyanın təqribən 150 milyard dollardan çox olduğunu bəyan edilib. Amma buna baxmayaraq tərəflərin qarşılıqlı güzəşt əsasında regiona daimi sülhün gəlməsinə görə, iradə nümayiş etdirməsinin vacibliyi önə çəkilib. Ölkəmizin başçısı müsahibəsində Avropa İttifaqının Ermənistan ərazisindəki “missiyasının” fəaliyyətinə, Fransanın neokolonializm siyasətinin mahiyyətinə də toxunub. Amma bütün bunlara baxmayaraq regionun, ümumilikdə isə dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacının olduğu bir daha cənab Prezident İlham Əliyev tərəfindən bəyan edilib”.