Azərbaycan əraziləri Ermənistan tərəfindən 30 il işğal altında saxlanıldıqda, torpaqlarımızda etnik təmizləmə soyqırım, insanlıq əleyhinə cinayətlər həyata keçirildikdə beynəlxalq təşkilatlar buna səssiz qaldı. Halbuki Azərbaycan ərazilərində azərbaycanlılar Ermənistan tərəfindən öldürülüb, ev-eşiyindən zorla qovulur, əraziləri işğal edilir, vandallıq barbarlıq həyata keçirilirdi. Eyni zamanda vaxtilə tarixi Azərbaycan torpaqlarından yəni, indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş Qərbi Azərbaycanlıların pozulmuş hüquqları həmin beynəlxalq təşkilatların yadına belə düşmürdü. Amma Azərbaycan dövləti məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistanın işğalından azad edib, torpaqlarında kök salmış separatizmə birdəfəlik son qoyaraq, ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra bəzi qərb ölkələri və təşkilatları ölkəmizə qarşı əsassız iddialarla çıxış etməyə başlayıb. Bu günki reallıq məhz bundan ibarətdir ki, Azərbaycanın və azərbaycanlıların pozulmuş hüquqları heç vaxt yadlarına düşməyən bəzi qərb təşkilatları və dövlətləri erməni lobbisinin diktəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, amma bütün bunlara baxmayaraq ədalətin gec-tez təcəlli olması da şübhəsizdir: “Bu xüsusda BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılması təqdirəlayiq hadisə idi. Çünki Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danılması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda, Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə ziddiyyət təşkil edir. Fakt odur ki, Ermənistanın işğal dönəmində Yuxarı Gövhər Ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silməyə gücləri çatmayacaq”.
Məlahət İbrahimqızı hesab edir ki, tarixi reallığın əksinə olaraq bu günlərdə İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş “qətnamədə” yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar məntiqsizdir: “Çünki bu absurd qətnaməyə səs verənlər hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlardır. Çünki absurd qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq Qərbi Azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin bariz nümunəsidir”.
Millət vəkilinə görə, regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidir: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Ölkəmiz məhz II Qarabağ müharibəsindən sonra sülh formulunu irəli sürmüş və sona kimi onu dəstəkləyən dövlətdir. Ona görə də, Azərbaycanın iradəsinə təsir etmək üçün atılan absurd addımlar heç bir əhəmiyyət kəsb etmir”.