Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi heç bir məntiqə uyğun deyil. Eyni zamanda Dudanın Azərbaycan-Ermənistan sərhədinə – Arazdəyənə gəlməsi, burada Avropa İttifaqının müşahidə “missiyasının” fəaliyyəti ilə yerində tanış olmaq kimi görüntü yaratmağa çalışması başqa mətləblərdən xəbər verir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək. Ola bilsin ki, Dudanın “aktivliyi” bundan qaynaqlanır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə – Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə “missiyasının” gələcəyi ilə bağlı olması ilə də izah oluna bilər: “Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq “missiyanın” daha iki il Ermənistanda qalması ilə bağlı iddialar mövcuddur. Görünən odur ki, bunu Brüssellə yanaşı İrəvan da istəyir. Sözsüz ki, “missiyanın” fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar olmalıdır. 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməklə “missiyanın” Ermənistanda qalmasına səs verməlidir”.
Millət vəkili hesab edir ki, Avropa İttifaqının Ermənistandakı “missiyası” Azərbaycan tərəfindən qəbul edilmir: “Əslində Aİ-nin patrul apardığı ərazilər tarixi Azərbaycan yəni, Qərbi Azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş torpaqlardır. Aİ-a bununla bağlı Qərbi Azərbaycan İcması tərəfindən edilən müraciətlər təəsüf ki, cavabsız qalıb. Bu xüsusda Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlaması isə heç bir məntiqə əsaslanmır. Yaxşı olardı ki, Polşa öz qonşuları və problemlərinin həlli ilə məşğul olsun”.
Məlahət İbrahimqızına görə, Polşa prezidentinin “binokl şousunda” iştirakı onun üçün heç nə vəd etmir: “Bu kimi addımlar sözsüz ki, erməni lobbisinin maraqlarına xidmət etməklə birbaşa onların diktəsi ilə baş tutub. Amma uzun müddət erməni lobbisinin yedəyində gedənlər dərk etməlidir ki, regionda yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü və qalib Azərbaycandır. Bu kimi oyunlarla isə Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür”.