Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi olduqca önəmli idi. 2023-cü ilin dekabrında təxminən 200 ölkənin qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi etmək imkanı qazanıb. Sözsüz ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməsi olduqca mühüm önəmə malik hadisədir, Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsinə nail oldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq olduqca mühüm amildir: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail olub. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb. Proses boyu Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar olunub. Həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirilib. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Beləliklə, COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Eyni zamanda Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirilir”.
Deputat hesab edir ki, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və bu gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək: “Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyub. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələyib. Halbuki geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Amma həmin qüvvələr növbəti dəfə yanıldılar. Çünki BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan dövlətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətləri yüksək qiymətləndirilib. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. Bakı Maliyyə Məqsədi bütün iqlim pillələri üzrə tərəqqi təmin edən sazişlər paketinin mərkəzi hissəsidir. COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq olub. Bütün bu uğurlar sözsüz ki, çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir”.
Millət vəkili bildirib ki, verilən qərarlar temperaturun 1,5C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi önəm kəsb edir: “Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan edilməsi olduqca vacib idi. Enerji üzrə öhdəliklər və bəyanatların imzalanması bunun bariz nümunəsidir. COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim olunub ki, bunları 150 tərəf təsdiq edib. COP29 Sədrliyi şəffaflığın və İkiillik Şəffaflıq Hesabatlarının (BTR) əhəmiyyətinə xüsusi diqqət ayıraraq Bakı Şəffaflıq Platformasına start verib və Tərəfləri hesabatları erkən təqdim etməyə çağırıb, nəticədə 31 dekabr tarixindən əvvəl 11 Tərəf və Avropa İttifaqı təqdimatlarını göndərib. Həmçinin dünya liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini vurğulayıblar. COP29-da eyni zamanda əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu önə çəkilib. Beləliklə, COP Atəşkəs Çağırışı 132 ölkə və 1,200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edilib. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan uğurlu nəticəyə əvvəlcədən əmin idi. COP29-un uğurla keçməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ prezidenti Cozef Baydenin təbrik bəyanatı da məhz bu uğurlara verilən növbəti qiymət idi. Çünki ölkəmiz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yarada bildi”.
Məlahət İbrahimqızına görə, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Təbii ki, buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən – ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi”.